2018-ci ilin ilk rübündə Neft Fondunun aktivləri 5% artıb

2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 424,2 milyon manat, büdcə xərcləri isə 2 344,2 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, 2018-ci ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 303,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 533,0 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 120,9 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 779,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 299,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 milyon manat vəsait ayrılıb. 0,5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,9 milyon manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin 1 aprel tarixinə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 5,1% artaraq 37 631,7 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır