2018-ci ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri açıqlanıb

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlmiş, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.

6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub. Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2% , qaz hasilatında isə 3,1% artım təşkil edib.

SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. 2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur. Qazma işlərinin 39 min metrdən artığı 2018-ci ilin II rübünün (aprel-may-iyun) payına düşür.

2018-ci ilin ikinci rübündə xam neftin və neft məhsullarının ixracında həmçinin əhəmiyyətli artım müşahidə olunub. Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlib. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artıb.

Neft məhsullarının ixracında 19% artım qeydə alınıb, yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunmuşdursa, bu il həmin göstərici 410 min tondan yüksək olub. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artıb.

Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir: “AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırmış, həmçinin cari ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olub.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır