Neft hasilatının azaldılmasına dair sazişin müddəti uzadılıb

Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına  Azərbaycan da qoşulub.

İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində dünya neft bazarında vəziyyət  təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks etdirən təqdimatlar edilib.

Bununla belə Vyana razılaşmasını zəruri edən problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdiliklə razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması  məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb.

Qeyd edək ki, toplantıya 14 OPEC üzvü, kartelə daxili olmayan 17 ölkə nəzərə alınmaqla ümumilikdə 31 ölkə qatılıb. Türkmənistan, Özbəkistan, Çad, Konqo, Misir və Uqanda müşahidəçi qismində iştirak edərək, prosesə dəstək nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır