Neft sektoru üzrə büdcə gəliri 11 mlrd. manat proqnozlaşdırılır

Gələn il üçün Azərbaycanın neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55.1% və ya 11.096 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3.156 mlrd. manat və ya 39.7% çoxdur.

“2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Neft sektoru üzrə büdcə gəlirlərinin 83.1%-ni və ya 9.216 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16.9%-ni və ya 1.880 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Qeyd edək ki, vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1.380 mlrd. manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 500 mln. manat nəzərdə tutulub. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 73.4% və 26.6%-ni təşkil etməklə cari ilin analoji proqnozu ilə müqayisədə SOCAR üzrə 15 mln. manat, ABƏŞ üzrə isə 25 mln. manat çoxdur.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır