Neftçilərin orta aylıq pensiya məbləği 431 manatdır

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28.3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26.7% artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430.8 manata çatıb.

Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində işləyən vətəndaşlar  qanunvericilikdə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün müəyyən edilmiş yaş həddindən daha tez yaşa görə pensiyaya çıxmaq hüququna malikdir.

Azərbaycan neftçiləri sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği  96 milyon manatdan çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır