Yanvar-fevral aylarında orta aylıq nominal əmək haqqı 2,2 % artıb.
Belə ki, 2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,9 %-i təhsil, 19,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,0 %-i tikinti, 4,7 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 3,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 %-i maliyyə və sığorta fəaliyyəti, 11,0 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2018-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 % artaraq 510,8 manat təşkil edib.
Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.