Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində növbəti hərrac keçirilib.
BBN.az xəbər verir ki, bu hərracda da dövlət əmlaklarının yerləşdikləri ərazilər müxtəlif olub. Belə ki, Bakı, Qəbələ, Xaçmaz və digər bölgələrdə yerləşən müəssisə və obyektlər investorlar tərəfindən özəlləşdirilib.
Qəbələ rayonunun Nic kəndində yerləşən, 10 min kv.m-ə yaxın torpaq sahəsi, 500 kv.m-ə yaxın ümumi faydalı sahəsi olan Əmlak kompleksi hərracda özəlləşdirilib. Bu əmlakın yenidən qurulması turizm sektorunda biznes fəaliyyətini mümkün edir. Qeyd edilməlidir ki, ərazi faktoru baxımından da uğurlu seçim olan belə əmlaklar gələcəkdə gəlirli xidmət obyekti kimi istifadə oluna bilər.
Müəssisə və obyektlərlə bərabər nəqliyyat vasitələri də hərraclarda əhalinin maraq dairəsindədir. Bu hərracda sifarişçi buraxılış ili 2008, yürüş məsəfasi 22500 km olan Hyundai TG markalı nəqliyyat vasitəsi üçün 12 min manat ödəməklə avtomobil almaq arzusunu reallaşdırıb.
Keçirilən hərraclar cəmiyyətin müxtəlif əhali kateqoriyalarına geniş seçim imkanı verir. Belə ki, böyük investisiya tələb edən obyektlərlə yanaşı, az sərmayə ilə özəlləşdirilə bilən dövlət əmlakları da hərraca çıxarılır. Özəlləşdirilmiş müəssisələr yenidən qurulub investorlar üçün yüksək gəlir mənbəyinə çevrilməklə bərabər, ölkə üzrə məşğulluq səviyyəsinin artmasına səbəb olur.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 iyun tarixində keçiriləcək. Bu hərracda da investorlar üçün maraqlı ola biləcək dövlət əmlakları mövcuddur. Belə ki, özəlləşdirilməyə müxtəlif sahələrə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.