Növbəti əmlak hərracında 90 dövlət əmlakı özəlləşdiriləcək

13 mart tarixində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. Hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-i sənaye, qalanları isə digər sahələrə aiddir.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kv.m ilə 447 kv.m arasında dəyişir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır