Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edir.
S.Müslümov tədbiri giriş sözü ilə açaraq, bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib.
“2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 2016-cı ilin əvvəlindən daha 61 adda peşə standartının layihəsi hazırlanıb. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır”.
S.Müslümov qeyd edib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsi də yaradılıb. Hazırda nazirliyin rəsmi internet səhifəsində də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır: “Hazırlanmış standartlar müəssisələr tərəfindən də geniş istifadə olunur. Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib”.