Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi və Belarus Respublikasının “Milli Elektron Xidmət Mərkəzi” unitar Respublika müəssisəsi arasında dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, xidmətlərin elektronlaşdırılması və sosial innovasiyalar sisteminin yaradılması və inkişafı sahəsində əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüş keçirilib.
BBN.az xəbər verir ki, Belarus Respublikasının “Milli Elektron Xidmət Mərkəzi” unitar Respublika müəssisəsinin direktoru İlin Andrey Anatoliyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətləri, viza, ödənişlər və lisenziyaların verilməsi sahəsində görülmüş elektronlaşdırma işləri ilə tanış olub.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa, Dövlət Agentliyinin elektronlaşma sahəsində gördüyü işlər və bunların vətəndaşlar üçün faydaları vurğulanıb.
Diqqətə çatdırılıb ki, bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçirilib.
Nümayəndə heyəti “ASAN Kommunal”, “Elektron Hökumət Portalı”, “ASAN Viza”, “ASAN ödəniş”, “ABAD” mərkəzi, “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ASAN Wifi”, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, həmçinin Səyyar ASAN xidmət təcrübəsi və iş prinsipi ilə də tanış olub.