Ölkə daxilində və ölkə xaricində ödəniş agentləri fəaliyyət göstərəcək

Ölkə daxilində və ölkə xaricində ödəniş agentləri fəaliyyət göstərəcək. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış  “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsində ödəniş agentlərinin fəaliyyəti ilə bağlı müddəalar əks olunub.

BBN.az xəbər verir ki, Qanun layihəsinə əsasən, ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən ölkə daxilində və ölkə xaricində ödəniş agenti şəbəkəsi yaradıla bilər  və bu fəaliyyət ölkə qanunvericiliyinin tələbləri ilə yanaşı, qarşılıqlı müqavilə  münasibətlərinə əsaslanmalıdır. Həmçinin bildirilir ki, ödəniş agentinin fəaliyyəti üzrə ödəniş təşkilatı və elektron pul təşkilatı tam məsuliyyət daşımalıdır.

Ödəniş agentlərinin fəaliyyətinə pul vəsaitlərinin ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi,  ödəniş tapşırığı, birbaşa debetləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, habelə pul köçürmələrinin aparılması daxildir.

Qeyd olunub ki, lisenziya almadan ölkədə fəaliyyət göstərən xarici ödəniş xidməti təchizatçıları ödəniş agenti şəbəkəsini formalaşdıra bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır