Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikasının ailə və gənclərlə iş üzrə naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətinə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı (Aİ) və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və b. daxildir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin dinamik və hərtərəfli inkişafı barədə nümayəndə heyətinə məlumat verib: “Müsbət dinamika 2017-ci ildə də davam edir və cari ilin ilk yarımilində ölkədə qeyri-neft iqtisadiyyatında 1,7 %, o cümlədən qeyri-neft sənayesində 4,4 % artıma, kənd təsərrüfatında 2,2 % artıma, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmasına nail olunub. Eyni zamanda son 6 ayda ixracın 36 %, o cümlədən qeyri-neft ixracının 27 % artdığı respublikada əmək bazarında inkişafın və məşğulluğun təminedici faktoru kimi iş yerlərinin daimi artımı prosesi də davam edir. Bu ilin ilk yarısında ölkəmizdə əlavə olaraq 122 min yeni iş yeri açılıb. Dayanıqlı sosial-iqtisadi tərəqqini təmin etməyə, əhali gəlirlərinin davamlı artımını stimullaşdırmağa yönələn kompleks tədbirlər, ölkədə yoxsulluq və işsizliyin 5 % civarında olmasına imkan verib”.
Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə, habelə gender bərabərliyi movzusuna dair müzakirələr aparılıb.