Onlayn ticarətlə məşğul olan zaman vergi ödənilirmi?

Müasir dövrün tələblərini nəzərə alsaq, bu sual hər kəsi maraqlandıran ən əsas suallardandır.

Vergilər Nazirliyi rəsmi saytında sual haqqında açıqlama verib.

Açıqlamada deyilir ki, öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin hüququdur və hər kəs bu fəaliyyəti istər bilavasitə fərdi sahibkar kimi, istərsə də hüquq şəxs təsis etməklə həyata keçirə bilər.

Onlayn ticarətlə məşğul olmaq sahibkarlıq fəaliyyəti hesab edilir və fəaliyyətə başlamazdan əvvəl hüquqi şəxs yaratmadan fəaliyyət göstərmək istəyən fiziki şəxs vergi orqanında vergi uçotuna alınmalı, hüquqi şəxs təsis olunduqda isə həmin hüquqi şəxs dövlət qeydiyyatına alınmalıdır.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV) ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır