2017-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb.
Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub.
Ötən il ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir.