2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb.
BBN.az Mərkəzi Bankın pul siyasəti icmalına əsasən xəbər verir ki, ötən illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8%, Avro ilə əməliyyatların həcmi isə 5.4% azalıb.
Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.
ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 56.7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95.8%-i hüquqi şəxslər ilə valyuta əməliyyatları təşkil edib.
Qeyd edək ki, valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.