“Ötən il 177 min daimi iş yeri açılıb”

“Hesab edirəm ki, keçən il bu istiqamətdə rekord nəticə əldə edilib, 177 min daimi iş yeri açılıb. Bu il də əlbəttə ki, bu istiqamətdə işlər görüləcək”. Bu sözləri prezident İlham Əliyev yanvarın 29-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında deyib.

“Bizim planlarımız, bölgələrə və böyük şəhərlərə qoyulan investisiyalar əslində iş yerlərinin yaradılmasını təmin edir. Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi, əlbəttə ki, iş yerlərinin açılmasına şərait yaradır”,- deyə ölkə başçısı əlavə edib.

“Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük – 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır