Gürcüstan Milli Turizm Administrasiyası (GNTA) 2018-ci ildə ölkəyə gələn turistlərlə bağlı məlumatı özündə əks etdirən illik hesabatı yayınlayıb.
Hesabatda diqqəti əsas cəlb edən məqamlardan biri Gürcüstana səfər edən turistlərin əsas hissəsini respublikamızın vətəndaşlarının təşkil etməsidir. Belə ki, 2017-ci ilin göstəricilərinə (1301556 nəfər) nisbətdə 2018-ci ildə azərbaycanlı turistlərin sayı 9.5% artaraq 1424610 nəfər olub. Siyahıda növbəti yerdə qərarlaşan rus turistlərin sayında da kəskin artım (23.8%) müşahidə olunub. Azərbaycanlı turistlərin yalnız 4.4%-lik hissəsi Gürcüstana ilk səfərini edib. Azərbaycan vətəndaşlarının səyahət zamanı gecələmə statistikası ortalama 2.5 gün göstərilib.
Turistlərin böyük əksəriyyəti quru yolu ilə ölkəyə daxil olub. Ölkəyə ən çox turist axını yay aylarında müşahidə olunub. Turistlərin 42.7%-i istirahət və rekreasiya məqsədilə ölkəni ziyarət ediblər. Turistlər tərəfindən ən çox seçilən şəhərlər Tiflis (52.3%), Batumi (29%) və Marneuli (11.7%) olub. Turistlər arasında kişi cinsinin nümayəndələri (60.3%) çoxluq təşkil ediblər. Turistlərin 46.3%-i 31-60 yaş aralığında olub.
Gürcüstanda turistlər 2018-ci ildə ümumi 7.9 milyard lari (2.9 milyard dollar) xərcləyib.