Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
BBN.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri v.i.e. Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.
Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradıldığını qeyd edən A.Əliyev bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verib. Fondun mühüm sosial layihələrindən biri də “Məzun evi” Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda ƏƏSMN ilə imzalanan əməkdaşlıq Memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirməyə, regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsinə imkan verir.
Qeyd edək ki, Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı,
“Regional İnkişaf” İB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.