Səudiyyə Ərəbistanına səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib.
Söhbət zamanı hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.
Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.
Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq. Xalid Al Falih enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.
Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Pərviz Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan ilə baş tutan görüşündə isə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.