Palata tələbələr üçün bankçılıq üzrə seminar keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması üzrə tədbirlər çərçivəsində tələbələr üçün növbəti təlim keçirib.

Palatanın Təlim Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində İqtisadiyyat və Maliyyə fakültəsinin tələbələri üçün “Bank əməliyyatları, banklarda qanunvericilik və maliyyə nəzarət subyektlərinin funksiyaları” mövzusunda seminar keçirilib.

Təlim zamanı tələbələrə bank əməliyyatlarına dair qanunvericilik tələbləri, bankın aktiv, passiv və vasitəçilik əməliyyatları, nağdsız əməliyyatların qanunvericilik tələbləri mövzularını əhatə edən təqdimat nümayiş etdirilib, daha sonra Palatanın nümayəndəsi, İqtisadiyyat kafedrasının müdiri Vüqar Nəzərov və iqtisadçı-ekspert Vüqar Bayramov tələbələrlə fikir mübadiləsi aparıblar.

Bank sahəsində müasir və qabaqcıl yanaşma və həllər barədə məlumatlarla zəngin olan  və  böyük maraqla qarşılanan təlimdə 50 tələbə iştirak edib. Seminarın ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatla təltif olunublar.

Qeyd edək ki, tələbələrin bank və maliyyə bazarlarının digər sektorları üzrə bilik səviyyəsinin artırılmasında və gələcək peşəkar kadrların yetişdirilməsində dəstək olmaq məqsədilə, Palatanın təşəbbüsü və təşkilatçılığı ilə ölkənin bir sıra dövlət universitetlərində  iqtisadçı-ekspertlərin iştirakı ilə təlimlər keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır