Pekində ”SOCAR GPC” layihəsinə dair mühüm sənədlər imzalanıb

Mayın 14-də Pekində “Bir kəmər-bir yol” strategiyası beynəlxalq forumu öz işinə başlayıb. Forumda Azərbaycanın da nümayəndə heyəti iştirak edir. Forum çərçivəsində ”SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Mayın 15-də isə Pekində “Bir kəmər – bir yol” forumu çərçivəsində SOCAR, CNPC və “Technip” şirkətləri arasında “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə Xidmət Müqaviləsi imzalanıb. Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək.

Qeyd edək ki, SOCAR GPC” yeni layihə çərçivəsində qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, müvafiq qurğuların quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatının yaradılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır