“Pilot layihə” çərçivəsində 40-dək ailəyə mənzil verilib

Sabunçu rayonunda son illərdə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Möhtərəm cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 8 avqust 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar genişmiqyaslı işlərin icrasına başlanılıb. Bu istiqamətdə ilk olaraq pilot layihə Sabunçu rayonunda reallaşıb.

Bu pilot layihənin davamı olaraq sentyabrın 28-də Bakıxanov qəsəbəsində dövlət tərəfindən inşa edilən növbəti binanın açılışı olub. Yaşayış binası 10 mərtəbəli, 2 girişli, 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65% çoxdur. Tədbir çərçivəsində 40-dək ailəyə mənzillərinin açarları təhvil verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi bina sakinlərinə mənzillərinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar təqdim edib. “Kütləvi çıxarış” kampaniya çərçivəsində 40-a yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verilib. Xidmətin bilavasitə vətəndaşın ünvanındaca göstərilməsi onların vaxt itkisinin qarşısını almaqla işini sadələşdirib. Belə kampaniyaya paytaxt və digər şəhərlərdə yerləşən hündürmərtəbəli binalardakı mənzillərlə yanaşı regionlarda fərdi yaşayış evləri və torpaq sahələri də geniş şəkildə cəlb olunur.

Qeyd edək ki, cari il ərzində 17 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 4-ü paytaxtda, 13-ü isə regionlarda baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır