Prezident İlham Əliyev əmanətlərin tam sığortalanmasını daha 1 il uzadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: “Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır.

Beləliklə, Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır