Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib. Binanın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parkinq yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görülüb.

Dövlət başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

Əmlak Xidmətləri Məkanında 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən müxtəlif dövrlərə aid hüquqmüəyyənedici mülkiyyət sənədlərinin sərgiləndiyi arxiv guşəsi də var. Binada kafe, kitabxana, uşaq oyun sahəsi də yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır