Prezident İlham Əliyev: Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır

“Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır” – bu fikiri prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

İlham Əliyev vurğulayıb ki, vergidən yayınmaya son qoyulmalıdır: “Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq” – prezident qeyd edib.

Prezident əlavə edib ki, sahibkarlıq subyektlərində uçot sisteminin təkmilləşdirilməsinə zərurət var.

“Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıb”, – dövlət başçısı bildirib.

İ.Əliyev vurğulayıb ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır