Azərbaycan, İran və Rusiyanın arasında protokol imzalanıb

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyində Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi məsələsinin müzakirəsi məqsədilə üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib.

Məlum olduğu kimi, “Şimal-Cənub” enerji dəhlizinin yaradılması Azərbaycan, İran və Rusiya Prezidentlərinin Bakı və Tehran görüşlərində,  eləcə də bu ilin mart ayında İran İslam Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində müzakirə edilib və elektroenergetika sahəsində əməkdaşlığın çoxtərəfli formatda inkişaf etdirilməsi üçün müvafiq göstərişlər verilib. Eyni zamanda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqların icrası olaraq    12 aprel 2018-ci il tarixində “Azərenerji” ASC ilə “TAVANİR” şirkəti arasında İrana elektrik enerjisinin ixracını nəzərdə tutan müqavilənin imzalanmasından sonra belə bir görüşün keçirilməsi üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi istiqamətində  atılan növbəti  addımlardan biridir.

Görüşdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov hər iki ölkə ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi enerji layihələri  sayəsində “Şərq-Qərb” enerji dəhlizinin yaradılması  təmin edilib. Bu dəhliz üzərindən artıq üç ildir ki,  Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır.

İranın energetika nazirinin müavini Humayun Hayeri Azərbaycan və Rusiya ilə elektroenergetika sistemlərinin birləşdirilməsi prosesinin icrası və başa çatmasında maraqlı olduqlarını vurğulayaraq deyib ki, hər üç ölkə elektrik enerjisinin mübadiləsi üçün  əlverişli imkanlara malikdir.

Rusiya Federasiyanın energetika nazirinin müavini Anatoli Yanovski də elektroenergetika sahəsində mövcud əməkdaşlığı yüksək dəyərləndirib və bu əməkdaşlığın üç ölkəni əhatə etməsi üçün konkret addımların atılmasının vacibliyini qeyd edib.

Sonra Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun yaradılması, bu məsələ ilə əlaqədar 25 aprel 2014-cü il tarixli üçtərəfli Bakı görüşünün Protokolunun icrası, texniki-iqtisadi əsaslandırmanın işlənilməsi ilə bağlı texniki tapşırıqların razılaşdırılmasına dair müzakirələr aparılıb.

Hər tərəfdən 6 nəfərdən ibarət İşçi qrupunun yaradılması və cari ilin iyun ayında Moskvada görüşün keçirilməsi, üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının (TİƏ)  texniki tapşırıqları, eləcə də TİƏ-nin birgə işlənməsi üzrə Saziş layihəsinin hazırlanması razılaşdırılıb.

Hər üç ölkənin enerji şirkətlərinin də iştirak etdiyi iclasın yekununda Protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır