Pul köçürmələrinin mərkəzləşdirilmiş reyestrinə ehtiyac var – ABA

“Xaricə valyuta axınına tətbiq edilən limitlərin gözlənməsi üçün pul köçürmələrinə nəzarət üzrə mərkəzi reyestrin yaradılmasına ehtiyac vardır.”

Bu haqda BBN.az-a Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun üzvləri fikir bildiriblər.

Məlumata əsasən, son dövrdə xaricə pul köçürmələrinin tənzimlənməsi vacib məsələlərdən birinə çevrilib. Bu istiqamətdə Mərkəzi Bank əlaqədar qaydalarda dəyişikliklər edib və yeni limitlər müəyyənləşdirib. Ekspert qrupu təklif edir ki, bu məsələyə effektiv nəzarət edilməsi üçün mərkəzləşdirilmiş reyestr yaradılsın.

Belə ki,  əgər bir şəxs gün ərzində bir neçə bank vasitəsi ilə xaricə pul köçürməsi həyata keçirərsə, bu zaman limitlərin gözlənməsi mümkün olmur. 32 bankın hamısında pul köçürməsi edən şəxs ay ərzində 320 min ABŞ dolları köçürə bilər ki, bu da 1 şəxs üçün əhəmiyyətli dərəcədə böyük məbləğdir. Bu məbləğə qaydalarda nəzərdə tutulan yaxın qohumlara olan köçürmə limitləri üzrə mümkün köçürmə məbləğlərini də əlavə etsək, bir şəxsin ölkədən ay əırzində 32 bank vasitəsi ilə şəxsi məqsədlər üçün xaricə köçürə biləcəyi ümumi məbləğ 640min ABŞ dollarına bərabər olacaq.

Bu məsələnin aradan qaldırılması üçün pul köçürmələri ilə bağlı bütün məlumatları özündə əks etdirən mərkəzləşdirilmiş reyestrin yaradılması lazımdır. Belə olduqda banklar köçürmə etmək istəyən şəxsin gün və ay ərzində etdiyi köçürmələrin həcmini görə, limitin gözlənməsini təmin edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır