Fevralın 12-də Qəbələdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Qeyd edək ki, bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.
Bununla bağlı Qəbələdəki Konqres Mərkəzində təşkil olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər, eləcə də Agentliyin mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindən olan “KOB Dostu” barədə məlumat verib.
Vurğulanıb ki, Qəbələ “KOB Dostu” ilə birlikdə hazırda Agentliyin ölkənin 9 şəhər və rayonunda 12 “KOB Dostu” fəaliyyət göstərir. “KOB Dostu” fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. KOB dostları mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir və indiyədək 120-dən çox bu cür görüş təşkil olunub. Qəbələdə və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Orxan Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını, bununla yanaşı, Agentliyin digər dəstək mexanizmlərinin yaradılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov bu dövlət dəstəyi mexanizminin Oğuz və ətraf rayonların sahibkarları, biznesə yeni başlayanlar üçün əhəmiyyətini qeyd edib, Oğuz sahibkarlarını “KOB Dostu”nun xidmətlərindən yararlanmağa dəvət edib.