Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə treninq keçirilir

4 mart 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO50001:2018 – Enerji idarəetmə sistemi standartlarının tətbiqinə dair növbəti treninqə start verilib. Treninq dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir.

5 gün davam edəcək  təlimin məruzəçiləri Türk Standartları İnstitutunun (TSE) Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğlu və TSE-nin elektron mühəndisi Ömər Gündür.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və TSE-nin ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən treninqlərdə Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, həmçinin Sənaye Parkında fəaliyyət göstərən rezidentlər və özəl sektor nümayəndələri iştirak edirlər.

Bununla bağlı keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev keçirilən treninqin yanvar ayında keçirilmiş treninqin davamı olduğunu, İSO50001:2018 – Enerji idarəetmə sistemi Beynəlxalq standartlar üzrə təlimin Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri, rezidentləri, eləcə də özəl sektor üçün faydalı olacağını vurğulayıb.

TİKA-nın baş koordinatorunun yardımçısı Ersin Çopur və TSE-nin Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğlu İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlığın, keçirilən təlimlərin əhəmiyyətini qeyd ediblər.

Treninq 8 mart 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, İSO9001:2015 Keyfiyyəti idarəetmə sistemi standartlarının tətbiqi istiqamətləri üzrə treninq 2019-cu ilin yanvarında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır