Qətərdə Azərbaycan məhsullarının satışına dair Müqavilə imzalanıb

Azərbaycanın Qətərə ixrac missiyası başa çatıb. 25-27 fevral tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycanın “İDEA” MMC ilə Qətərin “Scandinavian Supplies” şirkəti arasında “Made in Azerbaijan” brendi altında şəhər və park mebelinin Qətərdə təşviqi və satışına dair Müqavilə imzalanıb.
İxrac missiyası zamanı həmçinin, Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, iş adamlarımız “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olublar.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil idi və səfərin xərcləri dövlət tərəfindən qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır