Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunub

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri aparıb. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.

Belə ki, Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilən əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub.

Həmçinin, yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılan əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəz olunub. Eləcə də, meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılıb, 23 işıq dirəyi yenisi ilə əvəz olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır