“Qadın sahibkarlığın inkişafında biznes inkubatorların rolu” mövzusunda tədbir keçirilib

Noyabrın 10-da Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları, Xaçmaz şəhərində fəaliyyət göstərən qadın sahibkar və menecerlər iştirak edib.

Tədbirdə zamanı bildirilib ki, biznes inkubatorlarda treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin və digər tədbirlərin keçirilməsi, davamlı olaraq məsləhət xidmətlərinin göstərilməsi və s. tədbirlər biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında əhəmiyyətli rol oynayır.

Həmçinin, tədbirdə qeyd olunub ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı hazırda xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub.

Tədbirdə regionlarda qadın sahibkarlığın inkişafı, qadınların məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır