Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.Qafqaz Universitetinin rektoru Havar Məmmədov bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb: “Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır”.
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: “Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq indidən universitetin yeni adının nə olacağını indidən demək çətindir”.
Qafqaz Universiterinin ADI DƏYİŞƏCƏK
Mənbə: apa.az