Makroiqtisadi dəyişikliklərin təsiri ilə formalaşan yeni vəziyyətə uyğunlaşdırılması üçün müəyyən addımlar atılır. Xüsusilə, maliyyə-bank sektorundakı vəziyyəti sağlamlaşdırmaq üçün qanunvericilikdə həyata keçirilən dəyişikliklər diqqət mərkəzindədir.
Bəs bu dəyişikliklər hansılardır. Sırası ilə tanış olaq:
- “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun Layihəsi
Bu qanun öhdəliklərin icrasını təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyəcək.
Qanun 22 maddədən və 5 fəsildən ibarət olacaq.
- “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və istifadəsi qaydaları”
Bu qaydalar daşınar əmlak üzərində yüklülüyün yaranması, yüklülüyə dəyişikliklər edilməsi, yüklülüyə etiraz və yüklülüyün xitamı barədə məlumatların daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi və reyestrdə axtarış aparılması şərtlərini müəyyən edəcək.
- Ümumilikdə daşınar əmlakın yüklülüyü ilə bağlı hüquqi bazanın yaradılması zamanı 8 normativ hüquqi sənədə dəyişiklik edilməsi planlaşdırılır. Daşınar əmlakın yüklülüyü ilə bağlı dəyişiklik edilməsi gözlənilən normativ hüquqi aktlar:
Mülki Məcəllə – qanun layihəsi ilə əlaqədar Mülki Məcəllədə əşyaların və hüquqların yüklülüyü, daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, tələb sahiblərinin növbəliyi, mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi, lizinq zamanı mülkiyyət münasibətləri, podratçının hazırladığı daşınar əşyaya girov hüququ, komisyonçunun təminat hüququ, renta ödənilməsinin təmin edilməsi, hesabdan pul vəsaitinin silinməsinin növbəliyi, hesaba dair sərəncam verilməsinin məhdudlaşdırılması, bank hesabı müqaviləsinin ləğvi və girovla bağlı münasibətləri tənzimləyən maddələrə dəyişiklik edilməsi planlaşdırılır;
Mülki-Prosessual Məcəllə – qanun layihəsi ilə əlaqədar Mülki-Prosessual Məcəllədə iddianı təmin etmək üçün tədbirləri tənzimləyən maddəyə dəyişiklik edilməsi gözlənilir;
Vergi Məcəlləsi – qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinin 2-ci maddəsinə bəddin əlavə edilməsi nəzərdə tutulur;
“Müflisləşmə və iflas haqqında” AR Qanunu – qanun layihəsi ilə əlaqədar “Müflisləşmə və iflas haqqında” Qanunda təminatlı kreditor anlayışı yenidən formalaşdırılacaq, iflas prosesinə başlanmasının ümumi qaydalarına, borcların ödənilməsi növbəliyinin ümumi qaydalarına dəyişikliklər olacaq.
“Banklar haqqında” AR Qanunu – qanun layihəsi ilə əlaqədar “Banklar haqqında” Qanunda girovla təmin edilmiş tələblərlə əlaqəli maddəyə bəndin əlavə edilməsi planlaşdırılır;
“İpoteka haqqında” AR Qanunu – qanun layihəsi ilə əlaqədar “İpoteka haqqında” Qanunda ipotekanın xüsusiyyətləri ilə bağlı maddəyə əlavənin edilməsi planlaşdırır.
Bunlardan əlavə “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanunlarına da dəyişikliyin edilməsi planlaşdırılır.
- “İcra haqqında” Qanuna dəyişiklik
Həmçinin məhkəmə qərarlarının icrasının mövcud vəziyyətə uyğunlaşdırılması ilə əlaqədar “İcra haqqında” AR Qanununa da dəyişiklik edilməsi planlaşdırlır. Bu dəyişikliklər 12-ci, 24-cü, 27-ci, 43-cü, 45-ci, 74-cü və eləcədə digər maddələrə dəyişiklik və əlavə ediməsi planlaşdırılır.