Qeyri-müəyyən şəraitdə strategiyaya necə yanaşmaq lazımdır?

Dəyişkənlik, qeyri-müəyyənlik, mürəkkəblik və qeyri-adekvatlıq ilə xarakterizə olunan bir dünyada strateji fikirlərin hələ də etibarlı olub olmadığı ilə bağlı tərəddüdlərimiz ola bilər.

Belə çətin şəraitdə strateji planlar, məqsədlər və sistematik təhlilin hələ özünü doğrultması sual altındadır. Və əgər deyilsə, daha vacib bir sual meydana çıxır: Belə şəraitdə faydalı nəticə əldə etmək  üçün strategiyaya necə yanaşmaq lazımdır?

Əvvəlki məqalədə müasir dövrdə strategiyanın qurulmasında vacib olan ilk amili-volatilliyi nəzərdən keçirmişdik. Bu məqalədə isə strategiyanın formalaşdırılmasında nəzərə alınması vacib olan “qeyri-müəyyənlik” amilini araşdıracağıq.

Qeyri-müəyyənlik, gələcəyimizi nə dərəcədə təxmin etməyimizlə bağlıdır. Biz adətən işlər bizim nəzarətimiz xaricində olduqda və ya onları  dərk edə bilmədikdə qeyri-müəyyənliyi hiss edə bilərik. Bu qeyri-müəyyənliyin subyektiv hissəsidir.

Ancaq qeyri-müəyyənlik daha çox ətraf mühitin obyektiv bir xüsusiyyətidir. Həqiqətən qeyri-müəyyən şərtlər, statistik məlumatlar da daxil olmaqla, hər hansı bir proqnoz verməyə imkan vermir. Belə qeyri-müəyyənlik gözlənilməz hadisələrin, gözlənilməz insan reaksiyalarının və dünyadakı böyük mürəkkəbliyin nəticəsidir ki, bu da hadisənin nəticələrini etibarlı şəkildə proqnozlaşdırmağa imkan vermir. Belə ki, dünyada nə qədər çox qeyri-müəyyənlik  olarsa o qədər də proqnozlaşdırmaq çətin olar.

Qeyri-müəyyən  bir mühitdə yalnız proqnozlaşdırmaqla deyil, digər mexanizmlərə də etibar edərək effektiv strategiya formalaşdırıla bilər. “Nəzarət” və  “formalaşdırma”  belə mexanizmlərdəndir. Məsələn,  bir təşkilat proqnoz vermədən  müəyyən tədbirlər görə, öz resurslarını bölüşdürə və ya əməkdaşlıqlar qura bilər. Nəzarətinizdə olan bu amillərə əsaslanaraq proqnozlaşdırmaya olan ehtiyacı və proqnozdan asılılığı azaltmaq olar.

Digər tərəfdən, proqnozlaşdırma həmişə qeyri-müəyyən şəraitdə olsa da, strategiyanın mühüm amilidir. Xüsusilə, böyük investisiyalar yatırdıqda və ya təşkilatınıza köklü dəyişikliklər etmək lazım olduqda, hər hansı bir tədbir görməzdən əvvəl etibarlılığa ehtiyac duyulur. Müəyyən dərəcədə, ətraflı və müvafiq məlumatların toplanması ilə bu etibarlılıq təmin edilə bilər. İndiki dövrdə   iri həcmli verilənlər bazası ( Big Data), süni intellekt və strategiyaya alqoritmik yanaşmalar proqnozlaşdırılmanın əsasını təşkil edir.

Xüsusilə, təşkilatınız qeyri-müəyyən bir istiqamətə ( məsələn yeni məhsulla yeni  bazara, yeni biznes modelinə)  investisiya yatırdıqda etibarlı məlumatlar çox olmayacaq.  Məlumatlar keçmişdə mövcud olan bir şeyə əsaslanaraq müəyyən edilir və buna görə də gələcəkdə yeni bir şeyin proqnozlaşdırılması üçün həmişə etibarlı  əsas hesab edilə bilməz. Bundan əlavə, təşkilatınızın uğuru əsas şəxslərin- xüsusi müştərilərin, liderlərin və ya digər maraqlı tərəflərin seçimlərindən və qərarlarından asılıdır ki, bu da strategiyanın nəticələrini proqnozlaşdırmağı çətinləşdirir.

Bu, insanların intuitiv qərarlarının əhəmiyyətini ön plana çəkir. Beləliklə, qərarınızı əsaslandırmaq üçün müvafiq məlumatlar toplayırsınız, ancaq mühakimə yürütmək üçün intuitiv qərarlar mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, mühakimələr bir neçə şəxsin qarşılıqlı əlaqəsi olduqda  daha  dəqiq olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır