Qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə yeni layihəyə başlanılıb

Sentyabrın 20-də Bakı Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi və Latviya Ticarət və Sənaye Palatası tərəfindən həyata keçiriləcək “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrasına başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Latviyanın Azərbaycandakı Səfirliyinin, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov  qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin icrası da ölkəmizdə emal sənayesinin inkişafına dəstək göstərəcək.

Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Juris Maklakovs Azərbaycan və Latviya arasında əlaqələrin inkişaf etdiyini qeyd edib, “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması” layihəsinin Azərbaycanda emal sənayesinin inkişafında əhəmiyyətli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır