Qeyri-neft sənayesi 3,4% artıb

Bu ilin ilk 10 ayının nəticələrinə əsasən, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən  3,4 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yaymışdır.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 5,0 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 35,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,6 faiz, kağız və karton istehsalı 8,8 faiz, poliqrafiya məhsullarının istehsalı 4,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,8 faiz, kompüter və elektron məhsulların istehsalı 14,5 faiz, elektrik avadanlıqlarının istehsalı 2,7 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,1 faiz, mebel istehsalı 17,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,9 faiz artmış, içkilərin istehsalı 13,6 faiz, tütün məmulatlarının istehsalı 16,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 14,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 faiz, maşın və avadanlıqların istehsalı isə 11,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır