İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı” jurnalının oktyabr ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25% həcmdə artıb. Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür.
Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Qeyd edək ki, ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.