Qeyri-neft sektoruna yönəldilmiş vəsaitlərin həcmi 41% artıb.
Belə ki, 2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 %-i qeyri-neft sektoruna sərf edilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % artıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi sərmayənin 74,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 75,8 %-i məhsul istehsalı obyektlərinin, 18,2 %-i xidmət sahələri üzrə obyektlərin, 6,0 %-i isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7 %-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 %, bank kreditləri 13,7 %, büdcə vəsaitləri 19,4 %, əhalinin şəxsi vəsaitləri 5,4 %, büdcədənkənar fondların vəsaitləri 0,6 %, sair vəsaitlər isə 0,5% təşkil edib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.