2019-cu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2699,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz az vəsait yönəldilib, sərf edilən vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub.
Qeyd edək ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 6,0 faiz artıb. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı obyektlərinin, 26,4 faizi xidmət sahələri üzrə obyektlərin, 9,3 faizi isə ümumi sahəsi 420,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 67,3 faizini təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, büdcə vəsaitləri 21,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,0 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.
2019-cu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.