“Qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım qeydə alınıb”

Maliyyə Sabitliyi Şurasının iclası keçirilib. Cari ilin 9 ayının yekunlarına həsr edilən iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə Maliyyə Sabitliyi Şurası tərəfindən 2016-cı ilin sonunda qəbul edilən “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nın icra vəziyyəti öz əksini tapıb.

Müzakirələr zamanı qeyd edilib ki, cari ilin 9 ayında ölkə iqtisadiyyatının inkişafında pozitiv dinamika müşahidə edilib və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitlik xüsusi rol oynayıb.

Valyuta bazarında vəziyyət stabilləşib, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38%-dən çox ucuzlaşıb ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir.

Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım qeydə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır