“Qeyri-neft sektorunun artımı işsizliyin 5 % səviyyəsinə enməsinə imkan verib”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Roslan Abdul Rahman ilə görüş olub.

Nazir Səlim Müslümov son 14 ildə Azərbaycanda ümumdaxili məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdırıb: “Xüsusilə uğurlu iqtisadi şaxələndirmə şəraitində qeyri-neft sektorunda 2,6 dəfə artım özünü göstərib və həmin sektorun milli iqtisadiyyatda xüsusi çəkisi 70 %-ə çatıb ki, bu da məşğulluq imkanlarının artırılması baxımından xüsusi önəm kəsb edir. Regional inkişaf və özəl sektorun genişlənməsi şəraitində qeyri-neft sektorunun artımı 1,6 milyon yeni iş yerinin açılmasına, işsizliyin 5 % səviyyəsinə enməsinə imkan verib. Rəsmi statistikaya əsasən, hazırda muzdla çalışanların 98 %-ə yaxını də məhz qeyri-neft iqtisadiyyatında çalışanlardır. Bu inkişaf prosesləri qeyd olunan dövrdə əhalinin gəlirlərinin 5,2 dəfə, orta aylıq əmək haqqının 4 dəfəyə yaxın artması ilə müşahidə edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır