Qeyri-rezident hüquqi şəxsə Azərbaycanda rezident hüquqi şəxs tərəfindən xidmət göstərilməsi ƏDV öhdəliyi daşıyırmı?

Vergilər Nazirliyi rəsmi saytında qeyri-rezident hüquqi şəxsə Azərbaycan Respublikası ərazisində hüquqi şəxs tərəfindən xidmət göstərilməsinin ƏDV öhdəliyi daşıyıb-daşımadığı haqqında məlumat verib.

Məlumata görə, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Odur ki, konkret xidmətin xarakterindən asılı olaraq rezident tərəfindən qeyri-rezidentə xidmətlərin göstərilməsi qeyri-rezidentin ölkəsində və ya Azərbaycan Respublikasında ƏDV-yə cəlb olunur.

Qeyd edək ki, xidmətlərin göstərilməsi zamanı ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın yerini Vergi Məcəlləsinin 168-ci maddəsi müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır