Qida Təhlükəsizliyi Agentliyi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayacaq

Prezident İlham Əliyevin Fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayacaq.

Qurum fəaliyyəti çərçivəsində qida təhlükəsizliyi sertifikatının, müvafiq olaraq fitosanitar, baytarlıq sertifikatlarının verilməsi xidmətlərini göstərəcəkdir. Sahibkarlar ixrac etdiyi məhsullar üçün bu sertifikatları da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən vahid məkan prinsipi əsasında əldə edə biləcəklər.

“Bir Pəncərə” ixraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bilidirir ki, Qida Təhlükəzsizliyi Agentliyinin iyulun 1-dən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlaması sahibkarlar üçün yeni imkanların yaradılmasıdır: “Mərkəz tərkibində ixracatçıların əsas üstünlüyü ixrac prosesini özündə ehtiva edən ixrac blokuna məxsus digər dövlət qurumlarının da sertifikat və icazələrini almağın mümkün olmasıdır. Başqa sözlə, sahibkarlar Bir Pəncərə prinsipi əsasında malın mənşə sertifikatının alınmasını, gömrük bəyannaməsinin doldurulmasını, həmçinin özəl sektora malik standartların asanlıqla əldə olunma üstünlüklərindən yararlanacaqlar.”

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Prezidentin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına dəyişikliklər əsasında fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır