Regional qidalanmanın inkişafı və əməkdaşlıq üzrə beynəlxalq tədbir keçirilib

Türkmənistan Respublikasının Aşqabad şəhərində 1-ci Qafqaz və Mərkəzi Asiya regional qidalanmanın inkişafı və əməkdaşlıq platformasının görüşü keçirilib.

BBN.az xəbər verir ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib.

Görüş çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri və mütəxəssisləri tərəfindən sağlam qidalanma və qidalanma vərdişləri ilə bağlı regionda və dünyada aparılmış təhlillər və onların nəticələri müzakirə olunub. Regionda qeyri-sağlam və zəif qidalanmanın uşaqlar arasında mədə genişlənməsi, bəstəboyluluq və qeyri-infeksiyon xəstəliklərin artmasına, bunun isə ictimai problemə səbəb olmasını bildirib. Daha sonra regionda sağlam qidalanmanın inkişafı ilə bağlı yaranmış boşluqlar və bu sahədə görülmüş işlər ilə bağlı üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.

Tədbirin sonunda Regional Platformanın 2 il sonra keçiriləcək ikinci iclasına qədər sədrlik vəzifəsi Qazaxıstan Respublikasına həvalə edilib.

Qeyd edək ki, tədbirdə üzv ölkələrin təmsilçiləri ilə yanaşı, İran İslam Respublikası və Serbiya Respublikasından olan mütəxəssislərlə birlikdə ümumilikdə 8 ölkədən nümayəndə iştirak edib. Tədbir BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır