Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, xalça müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Alpan, Uzunmeşə, Gəray, Kürkün və Susay kəndlərində yaşayan 50 nəfər işlə təmin olunacaq. 200 nəfər qadın isə xalçaçılıq üzrə pulsuz təlimlərdə iştirak edəcək. Bundan başqa, müəssisədə xalçaların istehsalı üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.) yerli fermerlərdən alınacaq.
Qeyd edək ki, layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa olunub.