Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov plenar iclasda qaldırılan məsələlərin yüksək səviyyədə müzakirə olunmasının Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

İclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Tədbirdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han, rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriel və ŞT ölkələrinin müvafiq sahə üzrə nazir və nazir müavinləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır