Norveç parlamentində “Google tax” tipində rəqəmsal biznes modeli üçün qanunvericilik təklifinə baxılması təxirə salınıb,bunun əvəzində rəqəmsal vergitutmaya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfdaşlığı çərçivəsində baxmaq tövsiyə edilib.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, parlament bu təklifə baxılmasını təxirə salarkən hökuməti fiziki mövcudluğu az olan transmilli şirkətlər üzrə işi OECD-də fəal iş aparmaq və G20-nin fəaliyyətinə dəstək göstərmək yolu ilə əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb: “Təklif hökuməti Norveçdə vergiyə cəlb olunan qeyri-fiziki onlayn platformalardan vergi tutulması variantlarını nəzərdən keçirməyə dəvət edirdi”.
Parlament Norveç hökumətini 2019-cu ilin payızınadək bu sahədə OECD-nin apardığı işləri təhlil etməyə çağırıb.
Bununla yanaşı,parlament bəyan edib ki, hökumət bu ilin mart ayında Avropa Komissiyası tərəfindən təklif edilmiş rəqəmsal fəaliyyətlə məşğul olan bir sıra şirkətlərin dövriyyəsinə üç faizlik müvəqqəti vergi qoymalıdır, əks halda, həmin şirkətlər idarəedilməz vəziyyətə düşə bilərlər.