Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin prioritet hədəflərinin icrası çərçivəsində maliyyə sektorunda çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
BBN.az xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycan Banklar Assosiasiyasıyla birgə “Rəqəmsal bankçılıq xidmətləri: elektron ödənişlərin gələcəyi” mövzusunda keçirilib. Rusiya Federasiyasının Elektron pul və pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şustun mühazirəçi olduğu tədbirdə rəqəmsal bankçılıq xidmətlərinin üstünlükləri, rəqəmsal bankçılıq xidmətləri üzrə tənzimləmə çərçivəsində yeniliklər, bu sahədə fundamental innovasiyalar və son trendlər haqqında məlumat verilmiş, həmçinin iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Palatanın icraçı olduğu əsas tədbirlərdən biri də rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, Rusiya Federasiyasının Elektron pul və pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şustun 15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Bakıda səfərdədir.