Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclara qoşulan şəxslər rahatlıqla seçdikləri dövlət əmlaklarının özəlləşdirməsi prosesində iştirak edir. Yaradılan müasir şərait vətəndaşların həm hərrac keçirilən məkanda, həm də istənilən yerdə elektron formada iştirakını təmin edir. Virtual formada aparılan seçim, qeydiyyat və sifariş prosedurları ilə hər kəs vaxt itirmədən iştirak üçün müraciət edə bilir.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçirilib. Budəfəki hərracda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri özəlləşdirilib. Qeyri-yaşayış sahələri üzrə keçirilən hərracda iştirakçılar arasında rəqabətli mühit yaranıb.
Belə ki, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 96.6 kv.m olan obyekt üçün ilkin hərrac qiyməti 25 min manat təyin olunub. Özəlləşdirmə prosesində 4 iştirakçı arasında yaranan rəqabət dövlət əmlakının qiymətini 3 dəfədən çox artırıb. Hərrac üzrə qalib şəxs bu obyekti 75 min manata özəlləşdirib.
Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Dövlət əmlakları üzrə seçim edən şəxslər elektron formada qeydiyyat və sifariş prosedurlarından keçərək iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün iştirakçılarla bərabər, adi şəxslər də hərraca onlayn formada qoşula bilər.